“ABŞ liderinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını arzulaması çox təqdirəlayiq bir hadisədir”.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, aparıcı dövlətlərdən biri regionda sülhün bərqərar olacağına inanır və buna dəstək verməyi istədiyini bildirir, ancaq çox təəssüf ki, liderin belə bəyanatlarına baxmayaraq, bəzən ABŞ-nin müəyyən dairələri, hətta hakimiyyətin içərisində müəyyən qüvvələr anti-Azərbaycan bəyanatlar verir və sülh sazişinin ləngiməsinə səbəb olan addımlar atır:
“Bu isə yolverilməz məsələdir. ABŞ konqresində 60-dan çox konqresmen dövlət katibinə müraciət edərək Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə çağırırlar. Hesab edirəm ki, belə yanaşma yolverilən deyil, siyasət bir olmalıdır. Liderin belə mövqeyi varsa, dövlət strukturları, o cümlədən demokratlar partiyasının təsiri olan qüvvələr məsələnin həllinə öz töhvəsini verməlidirlər. Azərbaycan ABŞ ilə olan münasibətlərə xüsusi önəm verir”.
A.Mirzəzadə bildirir ki, bu dostluğun, səmimi münasibətlərin qalmasını həmişə vacib hesab edir. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanması bizim xarici siyasətimizin önəmli addımlarından biridir. Bu məsələdə biz ABŞ-nin həmişə Azərbaycana dəstək verəcək münasibətini gözləyirik.
Digər müsahibimiz millət vəkili Naqif Həmzəyev isə deyir ki, ABŞ-nin mövcud hökuməti Ermənistanı açıq şəkildə dəstəkləyir.
“Vaxtı ilə ATƏT-in Minsk qrupunun həmsədri kimi sərgilədikləri mövqe və razılaşdırılmış bir çox məsələlərin əleyhinə gedərək yarımçıq sülhün imzalanmasını müdafiə edirlər. Bu da təbii ki, Azərbaycanın maraqlarına xidmət etmir. Çünki yarımçıq sülh nəticə etibarı ilə dayanıqlı sülh demək deyil”.
Millət vəkilinin fikrincə, bu sənədin Paşinyan hökuməti ilə imzalanması, hələ Ermənistanın tam olaraq bu sülhün arxasında durub-durmaması demək deyil. Bu isə gələcəkdə Azərbaycana qarşı revanşist mövqe sərgiləməsinin qarşısını almır. Bu baxımdan ABŞ prezidenti tərəfindən Azərbaycana ünvanlanmış məktub əslində ABŞ tərəfindən Azərbaycana olan təyziqlərin yumşalması deməkdir.
“Eyni zamanda, ABŞ-də mövcud seçkilərlə əlaqədar olaraq Bayden bütün dövlətlər ilə münasibətlərini normallaşdırmaq, stabilləşdirmək və faktiki olaraq öz mövcud hakimiyyəti dövründə yaddaqalan və xoş notlar ilə bu münasibətləri bitirmək niyyətindədir. Ancaq istənilən halda Azərbaycanın mövqeyi ilk gündən necə idisə, bu gün də o cürədir”.