AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya liderləri arasındakı görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş tədbirlər mütləq görülməlidir:
"Təyyarənin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz ondan ibarətdir ki, buna dair bütün zəruri addımlar atılacaq, hadisəyə hüquqi qiymət veriləcək və kompensasiyalar ödəniləcək".
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.