Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının şikayətlərinə baxılıb

3 dəq
Paylaş:
Bakı Apellyasiya Məhkəməsində Ermənistan vətəndaşlarının şikayətlərinə baxılıb

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı təcavüzü, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərdə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsi tərəfindən hökm oxunmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə prosesi başlayıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda Emin Mehdiyev və Mehriban Qarayeva (ehtiyat hakim Əli Məmmədov) iştirak ediblər. Prosesdə şəxslər üçün müdafiəçilər və bildikləri dillərdə (erməni və rus) tərcüməçilər təmin olunub. Məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun nümayəndələri Abbas Abbaslı, Anar Ələkbərov və Sevinc Qasımova ediblər.

İclas zamanı təqsirləndirilən şəxslər məhkəmə heyətinə, prokurorlara və vəkillərə etiraz etmədiklərini bildiriblər. David Babayan və digər təqsirləndirilən şəxslər apellyasiya şikayətlərini müdafiə etdiklərini qeyd ediblər. Müdafiə tərəfi şahidlərin dindirilməsi, Ombudsman Aparatının nümayəndəsinin prosesə cəlb edilməsi və digər məsələlərlə bağlı vəsatətlər qaldırıb.

Dövlət ittihamçısı Sevinc Qasımova vəsatətlərin təmin olunmamasını xahiş edərək, Ombudsman nümayəndəsinin prosesin tərəfi olmadığını, şahidlərin dindirilməsi ilə bağlı tələblərin isə əsaslandırılmadığını vurğulayıb. Zərərçəkmişlərin nümayəndələri də prokurorun mövqeyini dəstəkləyiblər. İş materialları ilə elektron tanışlıqla bağlı isə heç bir məhdudiyyətin olmadığı qeyd edilib.

Müşavirədən sonra məhkəmə kollegiyası vəsatətlərin qismən təmin edildiyini elan edib. Apellyasiya baxışı iyunun 9-da davam etdiriləcək.

Xatırladaq ki, 5 fevral 2026-cı il tarixli hökmə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük, digər təqsirləndirilən şəxslər isə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax