Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanılıb - YENİLƏNİB

Bakıda silahlı insidentlə bağlı üç nəfər saxlanılıb - YENİLƏNİB
10.03.2023 18:20
Aa
dəq

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:

"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".

17:06 ***

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM" -ə verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.

Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.

15:30***

Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

15:25***

Araşdırmalarla məlum olub ki, hadisədə 2 nəfər xəsarət alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən bildirilib. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

15:16***

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

15:09***

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən bildirilib.

Əlavə məlumat veriləcək.

 Xəsarət alanlardan biri tələbədir.

15:07***

Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Hadisə "Vurğun Residence"nin qarşısında baş verib.

15:00***

Bakıda atışma olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə  bildirilib ki, araşdırma aparılır.

Həftənin ən çox oxunanları