Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bəzi bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət ünvanlayıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına əsasən, hazırda ayrı-ayrı rayonlarda yağıntılı hava şəraiti hökm sürür və bəzi dağ çaylarında sel hadisələri qeydə alınır. Proqnozlara görə, yaxın günlərdə də yağışlı və küləkli hava şəraiti davam edəcək.
Sel və daşqın təhlükəsi: Nazirlik vətəndaşları sel və daşqın riski olan ərazilərdən uzaq durmağa, təhlükə yarandıqda isə dərhal yüksək ərazilərə keçməyə çağırıb.
İldırım və küləklə bağlı tədbirlər:
- İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada hündür ağaclar, elektrik xətləri və antenaların yaxınlığında dayanmamaq lazımdır.
- Avtomobildə olan şəxslər hərəkəti dayandırmalı, şüşələri qaldıraraq təhlükənin ötüşməsini gözləməlidirlər.
- Güclü külək zamanı reklam lövhələri, yüngül konstruksiyalar, elektrik dirəkləri və naqillərindən uzaq durmaq vacibdir.
FHN, həmçinin küləkli havanın yanğınların söndürülməsini çətinləşdirdiyini vurğulayaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasını xatırladıb. Kiçikhəcmli gəmi sahiblərinə isə əlverişsiz hava şəraitində dənizə çıxmağın qadağan olduğu bildirilib.
Hər hansı təhlükə ilə üzləşdikdə vətəndaşların dərhal 112 qaynar xəttinə müraciət etmələri tövsiyə olunur.