Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi müraciətdə fevralın 10-dan etibarən hava şəraitinin qeyri-sabit keçəcəyi xüsusi vurğulanıb.
BDYPİ sürücülərə müraciət edərək onları maksimum ehtiyatlı olmağa çağırır. Küləkli havaya görə avtomobilləri aşma, qopma və sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamaq tövsiyə edilir. Xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir.
Qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, sürücülərdən aşağıdakı qaydalara riayət etmələri xahiş olunur:
Xüsusilə dağlıq ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə edilməməli, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olunmalı və sürət həddi meteoroloji şəraitə uyğun seçilməlidir.
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağı gözlənilir. Qurum onları təhlükəsizlik baxımından məsuliyyətli olmağa, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyə çağırır.