Göyçay şəhərinin A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində 14 il əvvəl baş vermiş qəsdən adam öldürmə cinayətinin təfərrüatları məlum olub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, 21 dekabr 2012-ci il tarixində həmin ünvanda kişi meyitinin aşkar edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olan məlumatlar əsasında araşdırmalara başlanılıb.
İstintaq nəticəsində evdə meyiti tapılan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürüldüyü müəyyən edilib və Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. Aparılan çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası və ekspertiza rəyləri nəticəsində cinayətin üstü açılıb.
İstintaqla müəyyən edilən hallar:
- Ramilə Quliyevanın 20 dekabr 2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun evinə gəlməsi;
- Şübhəli şəxsin taxta parçası ilə zərərçəkmişin baş və bədən nahiyələrinə zərbələr endirərək onu qəsdən öldürməsi.
Toplanmış sübutlar əsasında Ramilə Quliyeva 26 may 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib. Hazırda cinayət işi üzrə zəruri tədbirlər davam etdirilir.