Azərbaycanda erkən nikahların sayı əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Tamilla Əliyeva Dost TV-nin efirində məlumat verib.
T.Əliyevanın sözlərinə görə, statistik göstəricilər qeydiyyat şöbələrinə edilən müraciətlər və 18 yaşadək anaların dünyaya gətirdiyi uşaqların sayı əsasında formalaşdırılır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı aşağıdakı kimi dəyişib:
- 2022-ci il: 2011 uşaq
- 2023-cü il: 1742 uşaq
- 2024-cü il: 1279 uşaq
Komitə rəsmisi qeyd edib ki, əvvəlki dövrlərdə bu rəqəm 4000-ə yaxın olub. O, problemin tam aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb. T.Əliyeva həmçinin əlavə edib ki, cəmiyyətdə erkən nikahlara qarşı mənfi münasibət formalaşıb və vətəndaşlar artıq bu cür hallarla bağlı aidiyyəti qurumlara daha çox müraciət edirlər. Rəsmi şəxs ictimai nəzarətin və vətəndaş iştirakçılığının bu prosesdə mühüm rol oynadığını diqqətə çatdırıb.