Azərbaycanın qərb rayonlarından başlayaraq martın 7-dən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti rəsmi məlumat yayıb.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı proqnozlaşdırılır. Xüsusilə Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
***
Milli Hidrometeorologiya Xidməti martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə, Mingəçevir, Şirvan, Lerik və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək.
Proqnoza əsasən, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.