Azad olunan ərazilərdə həyata keçirilən əməliyyatlar nəticəsində fevralın 2-dən 8-dək olan müddətdə 8 tank əleyhinə mina, 97 piyada əleyhinə mina və 223 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) humanitar minatəmizləmə əməliyyatları ilə bağlı yaydığı həftəlik hesabatda qeyd olunub.
Rəsmi statistikaya əsasən, hesabat dövründə ümumilikdə 669.1 hektar ərazi minalardan tam təmizlənib.
Minatəmizləmə prosesi ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət tərəfindən icra olunur.
Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində həyata keçirilib.