Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf proqramına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi heyət Litva Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olub.
Ziyarət zamanı nümayəndə heyəti hərbi polis xidmətinin təşkili, idarəetmə mexanizmləri və gündəlik fəaliyyət xüsusiyyətləri ilə yaxından tanış olub. Litva tərəfi qonaqlara hərbi polisin sülh və müharibə dövründəki vəzifələri, eləcə də NATO çərçivəsindəki fəaliyyətləri barədə ətraflı brifinqlər təqdim edib.
Görüşlərdə tərəflər hərbi polis sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf imkanlarını nəzərdən keçiriblər. Xüsusilə aşağıdakı məsələlər vurğulanıb:
- Şəxsi heyətin peşəkar hazırlığının yüksəldilməsi;
- Birgə fəaliyyət imkanlarının genişləndirilməsi;
- Qarşılıqlı təcrübə mübadiləsinin intensivləşdirilməsi.