Futbol üzrə Azərbaycan çempionatları tarixində qeydə alınmış rekord təxminən 15 ildən sonra yenidən təkrarlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu hadisə Misli Premyer Liqasının XVII turunda baş verib.
"Neftçi" xal itirib
Belə ki, ötən turda 7 legioner baş məşqçinin rəhbərlik etdiyi komandalar eyni anda meydana çıxıb. 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri Vernidub (“Neftçi”), Jorj Kaşkilya (“İmişli”) və Kaxaber Tsxadadzenin (“Qəbələ”) çalışdırdığı komandalar iştirak edib.
Qeyd edək ki, Saşa İliç və Kaxaber Tsxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, stadionun kənarından rəhbərlik ediblər.
Bununla da Azərbaycan çempionatları tarixində 7 əcnəbi baş məşqçinin eyni turda iştirak etməsi rekordu təkrar olunub. Sonuncu dəfə bu göstərici 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilən turda qeydə alınmışdı.
Həmin vaxt Kaxaber Tsxadadze (“İnter”), Almir Hurtiç (“Muğan”), Toni Adams (“Qəbələ”), Qyoko Hacıyevski (“Simurq”), Naci Şensoy (“Turan”), Mirça Rednik (“Xəzər Lənkəran”) və Aleksandr Starkov (“Bakı”) komandaların baş məşqçisi olub.
Ümumilikdə, Azərbaycan çempionatları tarixində bu hal indiyədək yalnız 2008/2009 və 2011/2012 mövsümlərində yaşanıb. 2008/2009 mövsümündə isə I tur 7 legioner baş məşqçinin iştirak etdiyi ilk tur kimi tarixə düşüb. Həmin mövsümün əvvəlində Qyoko Hacıyevski (“Bakı”), Valentin Xodukin (“İnter”), Anatoli Demyanenko (“Neftçi”), Roman Pokora (“Simurq”), Kaxaber Tsxadadze (“Standard”), Mustafa Yılmaz (“Turan”) və Rasim Kara (“Xəzər Lənkəran”) iş başında olub.