Avstraliyanın Müdafiə naziri Riçard Marles ölkəyə məxsus “F-35” qırıcı təyyarələrinin təmir üçün ABŞ-yə göndərilən bəzi detallarının marşrutdan kənara çıxaraq Honq Konqa yönləndirildiyini təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin rəhbəri Adelaidada jurnalistlərə açıqlamasında məlumat verib.
“Politico” nəşrinin yaydığı məlumata görə, bu ilin yayında Avstraliyadan tranzit keçməklə ABŞ-yə göndərilən “F-35” hissələri gözlənilmədən marşrutunu dəyişib. Yükün daşınmasını “F-35” təyyarələrinin əsas istehsalçısı “Lockheed Martin” adından fəaliyyət göstərən logistika vasitəçisi həyata keçirib. Detalların Çinin xüsusi inzibati ərazisi olan Honq Konqa hansı səbəbdən çatdığı və hazırda kimin nəzarətində olduğu araşdırılır.
İnsidentin Çinin strateji hərbi texnologiyalara çıxış əldə etməsi riski yaratdığı üçün ABŞ Konqresində də ciddi narahatlığa səbəb olduğu bildirilir.
Pentaqonun “F-35” Birgə Proqram Ofisi bəzi istifadəyə yararsız komponentlərin itdiyini təsdiqləyib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü bəyan edib ki, komponentlərin geri qaytarılması, insidentin səbəblərinin araşdırılması və gələcəkdə bu cür halların qarşısının alınması üçün müvafiq təhlükəsizlik mexanizmləri işə salınıb.
Avstraliya Müdafiə naziri Riçard Marles addsızitkin yükün tərkibində yüksək dərəcəli məxfi və ya həssas texnologiyaların olmadığını ehtimal etdiyini bildirib. O, Avstraliya tərəfində baş verən bütün proseslərin şəffaf şəkildə yoxlanıldığını və ölkəsinin proqramdakı öhdəliklərinə tam əməl etdiyini vurğulayıb. Nazir əlavə edib ki, qlobal təchizat zəncirinin idarə edilməsinə cavabdeh olan “Lockheed Martin” və ABŞ aidiyyəti qurumları məsələnin yekun həlli ilə məşğuldurlar.
“Lockheed Martin” şirkəti isə təhlükəsizlik mülahizələrinə görə hərbi yüklərin statusu haqqında detal paylaşa bilməyəcəyini, lakin ABŞ Müdafiə Logistika Agentliyinin müəyyən etdiyi sərt təhlükəsizlik qaydalarına uyğun hərəkət etdiyini bəyan edib.