İsrail və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən sonra Avropa ölkələri Qəzza zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın ''Sky News'' telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Avropanın aparıcı ölkələrinin xarici işlər nazirləri cümə axşamı günorta saatlarında Parisdə görüşəcəklər. Görüşdə Qəzza zolağının müharibədən sonrakı bərpası və regionda dayanıqlı sülhün təmin olunması üçün Avropanın rolu müzakirə ediləcək.
''Sky News''un məlumatına görə, görüşün əsas gündəm mövzularından biri də Qəzzada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi perspektivləri olacaq.
Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs rejimi artıq qüvvəyə minib. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunmuş sazişin birinci mərhələsinə əsasən, hər iki tərəf bütün girovları azad edəcək və İsrail qoşunları razılaşdırılmış xəttə geri çəkiləcək.