Yaxın Şərqdə İranla bağlı münaqişənin daha da gərginləşməsi qorxusu fonunda Avstraliya gizli şəkildə bölgəyə elit SAS xüsusi təyinatlı qüvvələrini yerləşdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, xüsusi təyinatlı bölmənin Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad hava bazasında yerləşdiyi güman edilir. Qeyd olunub ki, yerləşdirilən qüvvələr birbaşa döyüşdə iştirak etmək üçün nəzərdə tutulmayıb.
Onların əsas missiyası təhlükəsizliyi təmin etmək və diplomatik missiya heyəti də daxil olmaqla, təxliyə əməliyyatları aparmaqdır. Avstraliya Baş naziri Entoni Albaneze əvvəllər dəfələrlə bildirib ki, Kanberra Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil.
Baş nazirin sözlərinə görə, Avstraliya qoşunlarının bölgədəki istənilən hərəkəti ciddi şəkildə müdafiə xarakteri daşıyır. Bu addım ölkə vətəndaşlarının və xaricdəki obyektlərin təhlükəsizliyini təmin etmək zərurəti ilə diktə olunur.