Ermənistan hökuməti Fransa Prezidenti Emmanuel Makronun səfəri günü, mayın 5-də Gümrü şəhərində keçiriləcək konsertin təşkili üçün ehtiyat fondundan 1 milyon dollardan çox vəsaitin ayrılması barədə qərar qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, rəsmi sənəddə qeyd olunur ki, Vardanants meydanında iki ölkənin dostluğuna və mədəni əməkdaşlığın dərinləşdirilməsinə həsr olunmuş böyük tədbir üçün 392,9 milyon dram tələb olunur.
Fransa liderinin mayın 3-dən 5-dək davam edəcək dövlət səfəri çərçivəsində Avropa Siyasi İcmasının sammitində iştirakı gözlənilir.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanla həm təkbətək, həm də geniş tərkibdə görüşəcək, daha sonra liderlər birgə bəyanatla çıxış edəcəklər. Proqrama əsasən, Prezident Vaaqn Xaçaturyanla da rəsmi görüş planlaşdırılır.
Mayın 5-də Gümrüdə 1988-ci il Spitak zəlzələsinin qurbanlarının xatirəsini anacaq və Paşinyanla birlikdə "Musiqi körpüsü. Ermənistan-Fransa" konsertinə qatılacaq.
Xatırladaq ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu səfər zamanı tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanacağını açıqlamışdı.