Fransanın şimalında yerləşən Gravelines Nüvə Elektrik Stansiyası sıx meduza axını səbəbilə iki il ardıcıl olaraq eyni tarixdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, nüvə reaktorlarının soyudulması üçün istifadə olunan suyun vurulması stansiyalarını çoxsaylı meduzaların tutması nəticəsində təhlükəsizlik məqsədilə elektrik enerjisi istehsalı müvəqqəti dayandırılıb.
Eyni stansiya 11 avqust 2025-ci ildə də bənzər meduza axını ilə üzləşib və həmin vaxt dörd enerji blokunun fəaliyyəti dayandırılıb.
Stansiyanın operatoru olan EDF şirkətinin oxşar hadisənin təkrarlanmasının qarşısını almaq üçün yüz minlərlə avro xərcləməsinə baxmayaraq, hadisənin 12 ay sonra demək olar ki, eyni şəkildə təkrarlanması diqqət çəkib.
Mütəxəssislər meduza sayındakı bu artımın iqlim dəyişikliyinin nəticələrindən biri ola biləcəyini bildirirlər.
Dəniz suyunun temperaturunun yüksəlməsi meduzaların qidalandığı planktonların miqdarını artırır, eyni zamanda onların çoxalma dövrünü sürətləndirir.
EDF stansiyanın ətrafında balıqçı qayıqları yerləşdirərək meduza kütlələrini suqəbuledici sistemlərdən uzaq tutmağa çalışdığını açıqlayıb.
Şirkətin məlumatına görə, stansiyanın yaxın günlərdə tam gücü ilə fəaliyyətini bərpa etməsi gözlənilir.