ABŞ-ın immiqrasiya rəsmiləri Nyu-Yorkda avtomobilində olan kişini güllələyərək yaralayan federal agentləri müdafiə ediblər. Hadisə zamanı kişinin beş yaşlı oğlu da avtomobilin arxa oturacağında olub. Nyu-York şəhərinin meri Zohran Mamdani agentləri tənqid edib.
Daxili Təhlükəsizlik naziri Markwayne Mullin cümə günü bildirib ki, əməkdaşlar atəş açarkən avtomobildə uşağın olduğunu bilməyiblər. O, Oscar Belgalı həm agentləri, həm də uşağı təhlükəyə atmaqda ittiham edib.
İmmiqrasiya və Gömrük Xidmətinin (“ICE”) yüksək vəzifəli rəsmisi Marcos Charlesın sözlərinə görə, Belgal cümə axşamı Manhettenin Marble Hill ərazisində agentlər ona yaxınlaşanda avtomobildən çıxmaqdan imtina edib. Charles bildirib ki, Belgal avtomobili sürətləndirib, “ICE”yə məxsus iki nəqliyyat vasitəsinə çırpılıb və agentlərin üzərinə sürməyə çalışıb. Bundan sonra əməkdaşlar atəş açıblar.
Hadisədən sonra çəkilmiş görüntülərdə Nyu-Yorkun Bronks rayonunda zədələnmiş avtomobil görünür.
Bədən kamerasının görüntüləri yayımlanıb
Charlesın məlumatına görə, Belgal boyun nahiyəsindən səthi yara alıb və Nyu-York ştatından kənarda yerləşən saxlanma müəssisəsində tutulur. Nyu-York polisi atışma zamanı onun beş yaşlı oğlunun avtomobilin arxa oturacağında olduğunu bildirib.
Nyu-York Polis Departamentinin yaydığı bədən kamerası görüntülərində Belgalın avtomobilin yanında qandallı vəziyyətdə olduğu, yerdə isə qanı xatırladan izlərin göründüyü bildirilir. Ətrafda dayanan bir neçə agentə toplaşan insanlar etiraz edirlər. Daha sonra polis əməkdaşları Belgalı patrul avtomobilinə apararaq xəstəxanaya çatdırırlar.
Mamdani və Mullin bir-birini tənqid edib
Mamdani oktyabrın 8-də, cümə axşamı hadisə yerində “ICE”ni qınayaraq qurumu “özəyinə qədər çürümüş” adlandırıb. O, Belgalın azad edilməsi üçün ABŞ Prezidenti Donald Tramp və Mullinlə əlaqə yaratmağa çalışdığını, lakin buna nail olmadığını deyib.
Mullin cümə günü Mamdanini və yerli hakimiyyət orqanlarının bəzi hallarda federal immiqrasiya qurumları ilə əməkdaşlığını məhdudlaşdıran Nyu-Yorkun “sığınacaq şəhəri” siyasətini tənqid edib.
Belgalı məhkəmədə təmsil edən “Legal Aid” təşkilatı da atışmanı pisləyib. Təşkilat agentlərin daha ciddi hesabatlılığa cəlb olunmasını tələb edib və şəhər prokurorlarını hadisəni araşdırmağa çağırıb.
Atışma, 2025-ci ilin yanvarında yenidən vəzifəyə başlayan və kütləvi deportasiya vəd edən Donald Trampın dövründə immiqrasiya nəzarəti əməliyyatları zamanı güc tətbiqinin artdığı bir vaxtda baş verib.