Dövlət Departamenti 20 milyard dollara F-15 qırıcı təyyarələri və müvafiq avadanlıqların İsrailə mümkün satışını təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib.
O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir.
Sənədə görə, İsrail bundan əvvəl ABŞ-yə 50 ədəd yeni çoxməqsədli F-15IA qırıcısı, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlər, həmçinin mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması ilə bağlı sorğu göndərib.
Təsdiq edilmiş müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanacağı gözlənilir. Pentaqon, İsrailə döyüş təyyarələrinin satışının “bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacağını” bəyan edib.
Ümumi satış dəyəri 20,3 milyard dollar olan paket Qəzzada atəşkəs prosesinin qeyri-müəyyən qaldığı və bölgədə gərginliyin artdığı bir vaxtda təsdiqlənib. ABŞ Konqresindən silah satışının qarşısının alınması üçün bir addım atılacağı gözlənilmir.