Sərhədyanı ödəniş platformaları xidmətlərin maya dəyərini azaldır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq Gürcüstan da bu istiqamətdə prosesə qoşulub və sərhədyanı ticarətin inkişafı üçün mövcud platformalardan qarşılıqlı istifadə imkanları genişlənir: "Məsələn, Gürcüstanda Türkiyənin "Troya" sistemi tətbiq edilib: "Bu isə genişlənən platformaların imkanlarından istifadə etməklə xidmətlərin maya dəyərinin daha da aşağı salınmasına şərait yaradır. Eyni zamanda, ilkin mərhələdə ölkə daxilində Ani Ödənişlər Sisteminin inkişafı və QR kod ödənişlərinin genişləndirilməsi prioritet olaraq qalır".
O qeyd edib ki, "interchange" xərclərinin azaldılması istiqamətində görülən tədbirlər də bu prosesə mühüm töhfə verib: "Nəticə etibarilə, biznes subyektlərinə daha keyfiyyətli və daha əlverişli qiymətlərlə xidmətlərin təqdim edilməsi təmin olunur".