Deputat Vüqar İskəndərov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuş üzrə müzakirəsində çıxış edərək büdcənin sosial və iqtisadi əhəmiyyətinə toxunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, 2026-cı ilin büdcəsi yüksək səviyyədə hazırlanıb və əsasən sosial xarakter daşıyır:
“Cənab prezidentin rəhbərliyi altında sosial-iqtisadi sahədə aparılan islahatlar 2026-cı il büdcəsində əyani şəkildə özünü göstərir. Büdcə sosial sahələr, müdafiə-təhlükəsizlik, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və aqrar sahəni əhatə edir. Ümumiləşdirsək, cəmiyyətin hərtərəfli inkişafına dəstək verir”, – deyə o bildirib.
Vüqar İskəndərov büdcənin qeyri-neft sektorunun payının artmasını xüsusi vurğulayıb:
“2026-cı il büdcəsində qeyri-neft-qaz sektorunun payı 57,4%-ə çatacaq. Həmçinin, gəlirlərin 57,4%-i, vergilərin isə 78,7%-i qeyri-neft-qaz mənbələri hesabına formalaşacaq. Bu, iqtisadiyyatımızın dayanıqlığını göstərir”, – deputat qeyd edib.
O, həmçinin Şəkinin infrastruktur layihələrinə də diqqət çəkib:
“Şəkinin su-kanalizasiya işləri və yollarının asfaltlanması cənab prezidentin xüsusi tapşırığı ilə demək olar ki, başa çatmaq üzrədir. Qalan işlərin aparılması üçün vəsait ayrılıb”, – deyə Vüqar İskəndərov bildirib.
Afət Ziyadqızı