Operativ Məlumat Mərkəzi

“2026-cı ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə ən böyük büdcəsidir”

4 dəq
Paylaş:
“2026-cı ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə ən böyük büdcəsidir”
{"az":"Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən deputat Vüqar Bayramov hökumətin büdcə sənədi üzərində gərgin və...","en":"","ru":""}

Milli Məclisin plenar iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən deputat Vüqar Bayramov hökumətin büdcə sənədi üzərində gərgin və sistemli şəkildə çalışdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat deyib ki, təqdim edilən icmallar, vizual materiallar və Hesablama Palatasının həm geniş, həm də xülasə formatda hazırladığı rəy layihənin öyrənilməsini xeyli asanlaşdırıb.

“Bu addımları təqdir edirəm və zəhməti keçənlərə təşəkkürümü bildirirəm”, – deyə deputat vurğulayıb.

Bayramov bildirib ki, büdcə sənədi yalnız hökumətin deyil, həm də onu qəbul edən parlamentin məsuliyyətidir:

“Bizim üçün əsas prinsip büdcənin ölkənin qarşısında duran riskləri doğru təsbit etməsi və onların optimal həlli istiqamətini müəyyən etməsidir”.

Deputat çıxışında qeyd edib ki, büdcənin qarşısında duran ilk böyük risk müdafiə və təhlükəsizlik məsələləridir. Onun sözlərinə görə, beynəlxalq vəziyyət nəzərə alınaraq bu sahəyə 8,7 milyard manat ayrılması əsaslı qərardır.

Bundan əlavə, sosial sahədəki təhdidlərin də ikinci ən böyük risk olduğu qeyd edilib. Bayramov bildirib:

“2026-cı ildə büdcədən sosial sahəyə 17 milyard manatdan artıq vəsait ayrılması nəzərdə tutulur. Bu, bütün xərclərin 41 faizidir”.

O, ölkədə əməkhaqqı 2500 manatdan aşağı olan 1,5 milyon nəfərin mövcudluğunu diqqətə çatdıraraq sosial yönümlü xərclərin dəqiq hədəflənməsinin vacibliyini vurğulayıb.

Deputat açıqlayıb ki, 2026-cı il büdcəsi həm də iki mühüm xüsusiyyəti ilə seçilir:

“Əvvəla, bu, Azərbaycanın müstəqillik tarixi ərzində ən böyük büdcəsidir. İkincisi isə qeyri-neft sektorunun büdcə gəlirlərində payı 58 faizə qədər yüksəlir”.

Onun sözlərinə görə, bu göstəricilər iqtisadiyyatın diversifikasiyasının dərinləşdiyini və fiskal gəlirlərdə qeyri-neft sektorunun rolunun artdığını göstərir.

Bayramov əlavə edib ki, 2026-cı ildə qeyri-neft gəlirləri müdafiə olunan xərcləri – əməkhaqqı və sosial ödənişləri – tam şəkildə qarşılayacaq:

“Bu, sosial təminat tədbirlərinin dayanıqlığı baxımından çox vacibdir”.

Deputat qeyd edib ki, gələn il büdcədən 12 milyard manatdan çox vəsait milli təhlükəsizliyə və işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək və bu iki sahə ümumi xərclərin təxminən 30%-ni təşkil edəcək.

Həmçinin, Bayramov 2026-cı ilin dövlət büdcəsinin sosial yönümlü olduğunu vurğulayıb:

“Növbəti il büdcədən ayrılan hər 100 manatın 41 manatı sosial sahəyə sərf olunacaq”.

Deputat iqtisadiyyatın diversifikasiyası və kölgə iqtisadiyyatının azaldılması istiqamətində islahatların davam etdiyini də bildirib. O, bəzi sosial şəbəkə qruplarının bu islahatlara kölgə salmaq cəhdlərini əsassız adlandırıb:

“1995-ci illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 50 dəfə artıb. Bu, aparılan iqtisadi islahatların real nəticəsidir”.

Afət Ziyadqızı

Bu xəbəri paylaş

Oxşar xəbərlər