Bildiyiniz kimi, noyabrn 11-də ölkəmizdə beynəlxalq səviyyəli COP29 tədbiri keçiriləcək. Ali təhsil müəssisələrində tədris prosesi onlayn qaydada həyata keçiriləcək.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə isə 12-dən 22-dək distant (məsafədən) formada təhsil həyata keçiriləcək.
COVID19 pandemiyası ərzində tələbələr və müəllimlər onlayn tədris ilə bağlı təcrübə qazanıblar. Bəs indi bu prosesə hazırlıq necə gedir? Universitetlər bu prosesə hazırdırlar?
Bununla bağlı "Operativ Məlumat Mərkəzi-OMM" universitetlərə sorğu ünvanlayıb.
Bakı Dövlət Universitetindən (BDU) saytımızın sorğusuna cavab olaraq bildirib ki, BDU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır. 2021-ci ildən BDU-da "Blackboard" rəqəmsal tədris platformasının tətbiqinə başlanılıb. COP29 günlərində onlayn tədris də bu sistem vasitəsilə həyata keçiriləcək.
Həmçinin Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətindən də bildiridi ki, COP29 tədbirləri zamanı dərslər onlayn keçiriləcək. AzTU pandemiya dönəmindən onlayn tədris təcrübəsini uğurla həyata keçirib. Ona görə də universitet olaraq onlayn tədris prosesinə tam hazırdır və bunun üçün bütün imkanlar mövcuddur.

"Universitet olaraq buna bütün hazırlıqları tam həyata keçirmişik. Bu gün həmin proses yekunlaşma ərəfəsindədir. Tədbir ərəfəsinə düşən mühazirə dərslərinin mövzuları artıq hər üç dildə hazırdır və müvafiq elektron portalımıza yerləşdirilib. Noyabrın 14-dən 22-ə qədər onlayn tədris prosesi aparılacaq. Maddi-texniki baza buna imkan verir”.
Bu sözləri isə sorğumuza cavab olaraq Azərbaycan Tibb Universitetindən (ATU) bildirib.
Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bilidirilib ki, Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.
“Nazirlər Kabineti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil həyata keçiriləcək”.

Bakı şəhərində yerləşən digər universitetlər ilə əlaqə saxlasaq da sorğumuza cavab verilmədi. Görünən odur ki, həmin universitetlər onlayn təhsilə tam hazır deyillər.
Təhsil eksperti İlqar Orucov isə deyir ki, Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycanda keçiriləcək COP29 tədbirləri ilə bağlı dərslər onlayn qaydada tədris olunacaq.
"Bu istiqamətdə artıq ölkəmizdə müəyyən təcrübə var. COVID19 pandemiyası zamanı ölkədə universitetlər və məktəblər onlayn tədris prosesinə keçdilər. Təhsilin bütün pillələrində tədris onlayn qaydada təşkil olundu. Gənclər müasir dövrdə ağıllı telefonlardan, planşetlərdən, kompüterlərdən istifadə edirlər. Bu baxımdan tələbələr üçün onlayn tədris daha əlçatan olur. Universitetlər də pandemiya dönəmindən müəyyən təcrübələrə sahib oldular. Hesab edirəm ki, həmin təcürbə COP29 zamanı universitetlərə kömək olacaq".
Ekspert qeyd edir ki, həm universitet müəllimlərinin, həm də tələbələrin bu istiqamətdə bacarıqları yüksəkdir. Bu müddətdə heç bir problem yaşanmayacaq. Onlayn qaydada tədrisin təçkil olunması ilə bağlı alətlər mövcuddur. Universitetlərin bunula bağlı həm materialı, həm də infarstrukturu var. Universitetlərimiz onlayn tədris sistemini layiqincə təşkil edəcəklər.
