Tayland Kral Hərbi Hava Qüvvələri Kambocada ağır silahlar və dronların saxlanıldığı ehtimal edilən kazinoya aviazərbə endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tayland PBS telekanalı məlumat yayıb.
Məlumata görə, F-16 qırıcıları Tayland sərhəd bölgələrində Kamboca qüvvələrinin atəşinə cavab olaraq həmin obyektləri hədəfə alıb. Hadisə iki ölkə sərhədindəki gərginliyin artdığı bir vaxtda baş verib.
Tayland Kral Ordusu daha əvvəl sərhəddə baş vermiş toqquşmalarda bir taylandlı hərbçinin həlak olduğunu, dörd nəfərin yaralandığını bildirmişdi. Ordunun məlumatına əsasən, Kamboca qüvvələri yerli vaxtla səhər saat 5:00-dan etibarən Tayland mövqelərini atəşə tutub.
Bazar ertəsi günü Tayland Hərbi Hava Qüvvələri Kamboca Silahlı Qüvvələrinə məxsus hərbi infrastruktura əlavə zərbələr endirib. Tayland Ordusunun İkinci Hərbi Bölgəsi isə Kambocanın Tayland ərazisinə BM-21 reaktiv sistemləri ilə atəş açdığını açıqlayıb.
Baş nazir Anutin Çanvirakun bildirib ki, Tayland öz suverenliyini qorumaq üçün bütün imkanlardan istifadə edəcək və silahlı qüvvələr zəruri hallarda cavab əməliyyatlarını davam etdirəcək.