Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin “həbsinə” dair orderi, onun ABŞ Prezidenti Donald Trampla görüş keçirə biləcəyi ölkələrin sayını ciddi şəkildə məhdudlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Bildiirlib ki, 2018-ci ildə Putin və Trampın görüşünün keçirildiyi Helsinki bu dəfə uyğun deyil, çünki Finlandiya Roma Statutunu ratifikasiya etmiş 125 ölkədən biridir.
Eyni səbəbdən, İsveçrə, Avstriya, İslandiya, Malta, Fransa, İspaniya və Böyük Britaniya da müzakirədən kənarda qalır. Halbuki, bu ölkələr bir vaxtlar ABŞ və SSRİ liderləri arasında sammitlərə ev sahibliyi etmişdi.
Potsdam, Yalta və ya Tehran kimi II Dünya müharibəsi dövrünün konfrans şəhərlərində görüşün keçirilməsi də qəzet tərəfindən çox az ehtimal edilən variantlar kimi qiymətləndirilir.
Qeyd olunub ki, bu görüşün Səudiyyə Ərəbistanı və ya Türkiyə kimi bir ölkədə təşkil edilə biləcəyi ehtimalı var. Çünki bu ölkələrdə daha əvvəl Rusiya və Ukrayna arasında danışıqlar aparılmışdı.
Başqa bir mümkün məkan isə Macarıstan ola bilər. Baş nazir Viktor Orban həm Trampa, həm də Putinə yaxınlığı ilə tanınır və ölkəsinin BCM-dən çıxmaq niyyətində olduğunu bəyan etmişdi.