Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo komandanın heyətini gücləndirmək üçün yeni transferlər tələb edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İspaniyanın “MARCA” nəşri məlumat yayıb. Bildirilib ki, portuqaliyalı mütəxəssis klub rəhbərliyinə iki mövqe üzrə oyunçu transfer edilməsinin vacibliyini çatdırıb.
Məlumata görə, Mourinyo müdafiə xəttini gücləndirmək məqsədilə yeni mərkəz müdafiəçisinin heyətə cəlb olunmasını istəyir.
Bununla yanaşı, baş məşqçi meydanın mərkəzində oyun quruculuğu funksiyasını yerinə yetirə biləcək, oyun üslubu baxımından Luka Modriçə bənzər yarımmüdafiəçinin transferində maraqlıdır.
Qeyd olunub ki, Joze Mourinyo bu yay “Real Madrid”in baş məşqçisi vəzifəsinə təyin olunub və bu postda Alvaro Arbeloanı əvəz edib.
Məlumata əsasən, “kral klubu” ötən mövsümü titulsuz başa vurub. Madrid təmsilçisi İspaniya çempionatında ikinci yeri tutaraq çempion “Barselona”dan iki xal geri qalıb.