Ukrayna lideri Vladimir Zelenski və Moldova prezidenti Maya Sandu Kiprdə görüş keçiriblər.
“Operativ Məlumat Mərkəzi-OMM” Sputnik Moldova teleqram kanalına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində birgə hərəkət etmək barədə razılığa gəliblər.
Məlumatda qeyd olunur ki, dövlət başçıları ölkələrinin Aİ-yə “getməsi” məsələsində ortaq mövqeyə gəlib və bu istiqamətdə əməkdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər.
Zelenski və Sandunun əvvəlki görüşü ötən il dekabrın 16-da Niderlandın Haaqa şəhərində baş tutub. Ukrayna liderinin sözlərinə görə, həmin görüşdə tərəflər potensial tərəfdaşlıq sahələrini və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Zelenski həmçinin moldovalı həmkarına Moskva ilə Kiyev arasındakı münaqişənin həlli istiqamətində görülən işlər, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məlumat verib. Görüşlərdə hər iki ölkənin Avropa İttifaqına mümkün üzvlüyü məsələsi də diqqət mərkəzində olub.