Uzun illər idi Azərbaycan torpaqları işğal altında saxlanılırdı və ATƏT-in keçmiş Minsk qrupu isə regiona turist səfərləri edirdilər.
Bu sözləri millət vəkili Naqif Həmzəyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, BMT-nin 4 qətnaməsinin reallaşdırılması da həyata keçirilmirdi. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq platformalarda etdiyi çıxışlarda bildirirdi ki, münaqişə sülh yolu ilə həll olunmayacağı təqdirdə Azərbaycan hərb yolunu seçəcək: "Beynəlxalq güclər Azərbaycanı Qarabağ işğalı ilə barışdırmaq, bu torpaqları Ermənistana peşkəş etmək istəyirdilər. Azərbaycan isə bununla barışmır və qəbul etmirdi. Ermənistan ordusunun və separatçı qüvvələrin qarşısını almaq məqsədi ilə verilmiş əmr məhz 27 sentyabr 2020-ci ilə təsadüf etdi".

N.Həmzəyev deyir ki, Azərbaycan ordusunun əks-həmlə hücumları uğurla nəticələndi. Azərbaycan ordusu tək gün belə geri çəkilməyi xəyal etmədi. Azərbaycan Silahli Qüvvələri XXI əsrin görülməmiş döyüşlərini həyata keçirdi. Məhz 44 Günlük Vətən Müharibəsi zamanı torpaqlarımız işğaldan azad olundu. 8 noyabr tarixində biz Şuşanın işğaldan azad olunmasını qeyd edərək, eyni zamanda müharibənin də tarixini həll etdik:
"Həmin gün İlham Əliyev növbəti dəfə xalqa müraciətini etdi. Amma bu müraciət digər müraciətlərdən daha fərqlənirdi. O, çıxışından sonra Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını da ziyarət etdi. Daha sonra xalqa müraciət etdi ki, ata vəsiyyətini yerinə yetirdi. Həqiqətən Şuşanın işğaldan azad olunması nəticəsində müharibənin taleyini də həll etdik".

Millət vəkili bildirir ki, 8 noyabr həm Şuşa şəhəri günü kimi, həm də Zəfər Günü kimi qeyd edilir. Şuşanın azad olunması Ağdam, Laçın və Kəlbəcərin bir güllə atılmadan işğaldan azad olunmasına gətirib çıxardı. Bu zəfərin bizə verdiyi güc 2023-cü ilin sentyabr ayının 20-də suverənliyimizi tam bərpa etməyə zəmin yaratdı.
"Biz ötən 4 il ərzində zəfərimizi düzgün dəyərləndirmişik və regionun ən aparıcı dövlətinə çevrilmişik. Bu gün Qarabağda keçmiş məcburi köçkünlər məskunlaşırlar və həmin bölgədə quruculuq və abadlıq işləri həyata keçirilir. Biz hər il 44 Günlük Vətən Müharibəsini sanki yenidən yaşayırıq. Mən bütün şəhidlərimizn ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Bizim zəfər tariximiz dünya hərb tarixinə yazıldı".