Beynəlxalq Stolüstü Tennis Federasiyasının təmsilçisi Yevgeni Timçenko Azərbaycanın stolüstü tennisində son illərdə qazandığı uğurları yüksək qiymətləndirib. Qazaxıstanlı mütəxəssis bu fikirləri Bakıda keçirilən seminarla bağlı bölüşüb.
Timçenko seminarın yüksək səviyyədə təşkil olunduğunu və təlimlər üçün lazımi şəraitin yaradıldığını vurğulayıb. O, tədbirin təşkili və iştirakçılara göstərilən dəstəyə görə Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkür edib. Mütəxəssisin sözlərinə görə, seminar zamanı heç bir problemlə üzləşməyiblər.
Federasiyanın mətbuat xidmətinin yaydığı açıqlamada Timçenko məşqçilərin hazırlıq səviyyəsini də xüsusi qeyd edib. O, Azərbaycan mütəxəssislərini peşəkar adlandırıb və onlarla işləməyin maraqlı olduğunu bildirib.
Timçenko hesab edir ki, məşqçilərin səviyyəsi Azərbaycan stolüstü tennisinin son illərdəki nəticələrinin təsadüfi olmadığını göstərir. O, bu inkişaf davam edərsə, idmançıların gələcəkdə daha böyük nailiyyətlər qazana biləcəyinə inandığını deyib.
Oktyabrın 1-də başlayan seminar oktyabrın 10-da başa çatacaq.