Yaponiya hakimiyyəti Rusiya ilə münasibətləri mərhələli şəkildə normallaşdırmağı hədəfləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın hakim "Liberal-Demokrat Partiyası"nın deputatı Şodzi Nişida məlumat verib.
Buna səbəb kimi isə ABŞ-nn artıq dünyanı təkbaşına idarə etmək gücündə olmaması göstərilir.
Nişida qeyd edib ki, mövcud reallıqları soyuqqanlılıqla qiymətləndirmək lazımdır:
"Amerika artıq bütün dünyanı nəzarətdə saxlamaq iqtidarında deyil. Bu reallığı dərk edərək, dərhal olmasa belə, Rusiya və Yaponiya arasında dostluq münasibətlərinin və qarşılıqlı dəstəyin genişləndirilməsi istiqamətində addımlar atmalıyıq".
Deputatın sözlərinə görə, rəsmi Tokio Rusiya ilə düşmənçilik siyasətindən imtina etməlidir. O, Rusiyanın coğrafi baxımdan Yaponiya üçün ən yaxın ölkələrdən biri olduğunu xatırladıb.
Xatırladaq ki, bundan əvvəl Yaponiyanın Rusiya enerji daşıyıcılarının idxalı ilə bağlı ABŞ-dən güzəştlərin müddətinin uzadılması barədə razılığa gəldiyi məlum olmuşdu. Bu addım rəsmi Tokionun öz enerji təhlükəsizliyini qorumaq üçün Moskva ilə iqtisadi əlaqələri qoruyub saxlamaqda maraqlı olduğunu göstərir.