Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Vasif Əliyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaarın “JAM news” media resursuna müsahibə zamanı “Qarabağ ermənilərinin” geri qayıtmasının Azərbaycanın öhdəliyi olduğu, Ermənistandan zorla qovulmuş azərbaycanlıların geri qayıtmasının Azərbaycan-Ermənistan normallaşma prosesinin nəticəsindən asılı olduğu, “Qarabağ ermənilərinin” məsələsinin xüsusi hal olduğu barədə fikirlərini şərh edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mətbuat katibinin müavini bununla bağlı deyib: “Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir.
Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır.
Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi ilk növbədə Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir”.