Operativ Məlumat Mərkəzi

Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir

5 dəq
Paylaş:
Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir
tədbirdə qeyd olunub ki, forumun məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq...

İyunun 2-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə qeyd olunub ki, forumun məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etməkdir.

Forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirin iştirakçılarını salamlayaraq giriş nitqi ilə çıxış edib. Daha sonra elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək Qarabağ bölgəsində təhsilin inkişafı, insan kapitalının gücləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının strateji əhəmiyyəti barədə bir sıra mühüm fikirlər səsləndiriblər.

“Qarabağ Təqaüd Proqramı”nın təsis olunması Forumun əsas nəticələrindən biri olub. Belə ki, fərqli sektorları təmsil edən qurum və şirkətlər - Qarabağ Dirçəliş Fondu, Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank” ASC, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “McDonald’s Azərbaycan” QSC, “PSG Capital” İnvestisiya şirkəti, ASELSAN şirkəti, “GEN ilaç” şirkəti, “LANDAU School” məktəb kompleksi, Hədəf Şirkətlər Qrupu, Çaşıoğlu şirkəti, İnci Şirkətlər Qrupu, “Code Academy”, Bakı Dizayn Akademiyası və TUNA şirkəti Qarabağ Universitetində təhsil alan tələbələr üçün təqaüd təsis etmək öhdəliyini üzərlərinə götürüb.

Burada əsas məqsəd regionun sosial-iqtisadi inkişafına töhfə vermək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək, eləcə də gəncləri Qarabağa yönləndirmək və regiona olan marağı artırmaq, tələbələrə maddi dəstək göstərmək, onların akademik və peşəkar inkişafını təşviq etməkdir.

Daha sonra Forum çərçivəsində peşəkar moderator və spikerlərin iştirakı ilə 2 fərqli mövzu üzrə panel müzakirəsi təşkil olunub. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə keçirilən “Böyük Qayıdış: Çağırışlar və imkanlar” adlı I paneldə Emin Əmrullayev, Elçin Yusubov və Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev spiker qismində çıxış edərək bölgənin yenidən qurulması və insan resurslarının inkişafı məsələlərinə toxunublar.

II panel isə “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzusuna həsr olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderator qismində çıxış etdiyi paneldə Qarabağ Universitetinin rektoru Şahin Bayramov, “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin müavini Taleh Tahirli, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev bölgədə dövlət-özəl tərəfdaşlığının perspektivləri və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum Qarabağ Universitetinin müəllim-tələbə heyətinin ifasında milli musiqilərimizin səsləndirildiyi bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, Qarabağın bərpası və inkişafında bütün tərəflərin koordinasiyalı fəaliyyətinin vacibliyini bir daha gündəmə gətirən “Təhsil və Tərəfdaşlıq Forumu”nda dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, universitetin professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alıb.

***

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Forumda elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.

Forum çərçivəsində “Böyük qayıdış: çağırışlar və imkanlar”, “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzularında panellər keçiriləcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər