Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Azərbaycan Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin nəzərdən keçirilməsi prosesində fəal iştirak edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev tədbirin bağlanış mərasimində bildirib.
"Prosesə qatılmış 111 ölkədən 80-i nazirlər səviyyəsində təmsil olunub. Nazir səviyyəli görüşdən sonra mənzil təminatı, iqlim dəyişiklikləri, dayanıqlılıq, sosial inklüzivlik və çoxtərəfli əməkdaşlıq mövzularında tematik panellər keçirilib. Müzakirələr daha interaktiv və həll yönümlü dialoq platforması yaradıb. Səsləndirilən praktiki tövsiyələr və fikir mübadiləsi ilin sonuna qədər BMT Baş Assambleyasında keçiriləcək Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli icmalına hazırlıq baxımından mühüm rol oynayıb".
A. Quliyev bildirib ki, WUF13 indiyə qədər keçirilmiş ən böyük forum olub: "Forumda 176 ölkədən 58 044 iştirakçı təmsil olunub ki, bu da inklüziv dialoqun gücünü nümayiş etdirib. Nazirlər WUF13-ün hazırlanması zamanı tətbiq olunan innovativ yanaşmanı, həmçinin ilk dəfə tətbiq edilən "Liderlərin sammiti" formatını yüksək qiymətləndiriblər. Bu çərçivədə Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında gələcək Dünya Şəhərsalma Forumlarının təşkili üzrə əməliyyat təlimatlarının hazırlanması istiqamətində əməkdaşlıq niyyəti də alqışlanıb".