"WhatsApp" messenceri platformada qeydiyyatdan keçməyən şəxslərlə ünsiyyət qurmağı asanlaşdıran yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "WABetaInfo" portalına istinadən xəbər verir ki, bir neçə ay əvvəl "Android" platformasında sınaqları başlayan bu rejim artıq "iOS" və veb-versiya istifadəçiləri üçün də əlçatan olub.
Yeni mexanizm xüsusi dəvət linki üzərində qurulub.
İstifadəçi "Invite a friend" bölməsində link yaradaraq onu SMS və ya digər tətbiqlər vasitəsilə qarşı tərəfə göndərir.
Qonaq istifadəçi linkə daxil olduqda "WhatsApp Web" vasitəsilə qeydiyyatdan keçmədən təhlükəsiz söhbətə başlaya bilir.
Bu zaman sistem unikal identifikator yaradır və söhbət uçdan-uca şifrələmə ilə qorunur.
Lakin yeni funksiyanın müəyyən məhdudiyyətləri mövcuddur:
- Qrup söhbətləri və zənglər dəstəklənmir;
- Fayl və əlavələrin göndərilməsi mümkün deyil;
- 10 gün ərzində aktivlik olmazsa, çat avtomatik silinir;
- Söhbəti mütləq qonaq istifadəçi başlatmalıdır.
Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi "WhatsApp"ın daha az populyar olduğu bazarlarda, xüsusilə ABŞ-də yeni istifadəçiləri cəlb etmək və onları gələcəkdə tam qeydiyyatdan keçməyə təşviq etməkdir.