Braziliyanın şimal-qərbindəki Akri ştatının Rio-Branko şəhərində yerləşən "São José Institute" təhsil müəssisəsində silahlı insident qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində iki məktəb işçisi həyatını itirib, aralarında 11 yaşlı qızın da olduğu daha iki nəfər isə yaralanaraq təcili tibbi yardım üçün xəstəxanaya yerləşdirilib.
Atəş açdığını etiraf edən 13 yaşlı şagird saxlanılıb. Cinayətdə istifadə olunan 380 kalibrli tapançanın yeniyetmənin ögey atasına məxsus olduğu ehtimal edilir.
Hüquq-mühafizə orqanları şübhəlinin qəyyumunun da istintaq çərçivəsində nəzarətə alındığını təsdiqləyib. Hazırda digər şagirdlərin də hadisədə ehtimal olunan iştirakı araşdırılır.
Məktəb daxilində böyük çaxnaşma yaşandığını deyən şahidlər, ardıcıl silah səsləri eşitdiklərini bildiriblər. Şagirdlərdən biri olan Eveli İzadora vəziyyətin çox qorxulu olduğunu vurğulayıb.
"Reuters" agentliyinin yaydığı xəbərə əsasən isə, polis şübhəlinin dəhlizlə direktorun otağına doğru irəliləyərək bir neçə dəfə atəş açdığını, daha sonra isə təslim olduğunu açıqlayıb. Ştat rəhbərliyi məktəbdə dərslərin üç gün müddətinə dayandırıldığını və zərərçəkənlərə psixoloji dəstək qruplarının cəlb edildiyini bəyan edib.