Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda dövlət səfərində olub.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında bölüşən Mİlli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana reallaşan dövlət səfəri və burada keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasındakı strateji tərəfdaşlığın iqtisadi miqyasını yeni mərhələyə daşıyıb.
Millət vəkili Vüqar Bayramov səfərin iqtisadi nəticələrini və region üçün əhəmiyyətini şərh edərək bildirib ki, Bakı və Tbilisi arasındakı əlaqələr artıq qlobal layihələrin icra mərkəzinə çevrilməkdədir.

Ticarət dövriyyəsində 544 milyon dollarlıq müsbət saldo
Deputat qeyd edib ki, 2025-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 9 faiz artaraq 881.4 milyon dollara çatıb. Bu rəqəmlərin strukturuna diqqət çəkən V.Bayramov Azərbaycanın xarici ticarətdəki üstünlüyünü vurğulayıb:
"Ümumi dövriyyənin 712.7 milyon dolları Azərbaycandan Gürcüstana ixracın, 168.7 milyon dolları isə idxalın payına düşür. Bu o deməkdir ki, Azərbaycan qarşılıqlı ticarətdə 544 milyon dollarlıq müsbət saldoya malikdir".
Nəqliyyat qovşağı və "Yaşıl enerji" ixracı
Orta Dəhlizin cəlbediciliyinin artması ilə hər iki ölkənin beynəlxalq yükdaşımalarda strateji əhəmiyyətinin yüksəldiyini deyən millət vəkili, əsas hədəflərdən birinin bərpa olunan enerji sahəsi olduğunu bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Buxarestdə imzalanmış dördtərəfli saziş Azərbaycan və Gürcüstanın Avropaya "yaşıl enerji" körpüsü salmasına imkan yaradıb:
"2027-ci ildən sonra istehsal olunacaq illik 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin 80 faizi məhz ixrac üçün nəzərdə tutulur. Bu, regionun enerji xəritəsini yenidən formalaşdıracaq".
Sülhün iqtisadi təməli
Vüqar Bayramov əlavə edib ki, iqtisadiyyatın müxtəlif sahələrində dərinləşən bu əməkdaşlıq təkcə rifah göstəricisi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün qorunması üçün ən vacib şərtlərdən biridir. Strateji iqtisadi bağlar regionda təhlükəsizlik mühitini daha da möhkəmləndirir.