“Kinematoqrafiya haqqında” qanuna dəyişiklik təklif edilir və bu dəyişikliklə qanunvericiliyə “xarici film” anlayışı daxil edilir. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Təklifə əsasən, xarici film tam şəkildə xarici prodüser və ya prodüserlər tərəfindən istehsal olunan film hesab ediləcək.
Eyni zamanda bildirilib ki, yerli və xarici prodüserlərin birgə istehsal etdikləri, lakin milli film statusu daşımayan filmlər birgə istehsal filmi kimi qiymətləndiriləcək. Bununla yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan şərtlərə uyğun olaraq xarici kinematoqrafiya qurumları ilə birgə istehsal olunan filmlər milli film sayıla bilər.
Qanunvericiliyə görə, filmin prodüseri Azərbaycan vətəndaşı və ya Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs olduqda, çəkiliş heyətində əcnəbilərin payı 30 faizi keçmədikdə, film Azərbaycan dilində çəkildikdə, istehsal və yayım proseslərinin ən azı 50 faizi ölkədə fəaliyyət göstərən kinematoqrafiya müəssisələri tərəfindən həyata keçirildikdə və xarici investisiya filmin smeta dəyərinin 30 faizindən çox olmadıqda, həmin film milli film hesab edilir.
Beləliklə, göstərilən tələblər yerinə yetirildiyi halda, yerli və xarici prodüserlərin birgə istehsal etdikləri filmlər milli film statusu ala biləcək.