Qazaxıstanın Almatı şəhərində və vilayətində polis narkotik vasitələrin satışı üçün internet mağazası təşkil edən mütəşəkkil qrupun 11 iştirakçısını saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.
"Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun təşkilatçıları, operatorları və qanunsuz fəaliyyətin maliyyə təminatını həyata keçirən şəxslər daxil olmaqla 11 nəfər saxlanılıb", - deyə məlumatda qeyd olunub.
Qurumun açıqlamasına görə, qanunsuz dövriyyədən təxminən 3 kq sintetik narkotik vasitə, habelə cinayətkar sxemin koordinasiyası üçün istifadə edilən rabitə vasitələri, bank kartları və rəqəmsal daşıyıcılar müsadirə edilib.
Faktla bağlı məhkəməyəqədər istintaq tədbirləri başlanılıb.