İranda “Mossad”la əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın məhkəmə orqanları “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə təqsirli bilinən Omid Behzad və Pouria Safvatın edam edildiyini açıqlayıb.
Rəsmi məlumata görə, hər iki şəxs İsrail xüsusi xidmət orqanları tərəfindən birbaşa və dolayı yollarla əməkdaşlığa cəlb olunub. Onların fəaliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi tərəfindən aşkar edilərək saxlanılıb. Casusluq və düşmən dövlətlə əməkdaşlıq ittihamları üzrə çıxarılan hökm daha sonra İranın Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
İstintaq materiallarına əsasən, Omid Behzad 40 günlük müharibə dövründə hərbi, hüquq-mühafizə və təhlükəsizlik obyektlərinin koordinatlarını, eləcə də coğrafi mövqelərini xüsusi xəritəçəkmə proqramları vasitəsilə “Mossad” şəbəkəsinə ötürüb. Bildirilir ki, o, “Telegram” platformasında İsraillə əlaqəli kanalın administratoru ilə əlaqə saxlayaraq ötürdüyü məlumatların İsrail Müdafiə Qüvvələrinin (IDF) hədəf siyahısına daxil ediləcəyi barədə təlimat alıb.
Məlumata görə, digər təqsirləndirilən Pouria Safvat isə strateji əhəmiyyətli obyektlərin fotoşəkillərini və məlumatlarını “Mossad”la əlaqəli olduğu bildirilən “Iran International” televiziya kanalına göndərib. İttihama əsasən, onun ötürdüyü koordinatların bir hissəsi sonradan bombardman hədəfinə çevrilib. Həmçinin Safvatın 12 günlük müharibə zamanı yüksək binaların damından hava hücumundan müdafiə sistemlərini lentə alaraq kəşfiyyat şəbəkəsinə ötürdüyü bildirilib.