Cəlilabaddan Bakıya külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxslər polis əməkdaşları tərəfindən xüsusi əməliyyatla saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata əsasən, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik dövriyyəsinə qarşı uğurlu tədbir həyata keçirib. Nəticədə 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23 yaşlı Simran Mürsəlov tutulublar.
Saxlanılan şəxslərə baxış zamanı onlardan ümumilikdə 11 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
İlkin araşdırmalarla müəyyən edilib ki, R.Gülağazadə və S.Mürsəlov şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunublar. Onlar maddi qazanc qarşılığında narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşıblar.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, hazırda araşdırmalar davam etdirilir.