Belçikada temperaturun 37 dərəcəyə çatacağı gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Belçika Kral Meteorologiya İnstitutu (RMI) məlumat yayıb.
Məlumata görə, bazar ertəsi ölkə ərazisində günəşli və kəskin isti hava şəraiti müşahidə olunacaq. Belçikanın daxili rayonlarında temperaturun 37 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Bildirilib ki, günün ikinci yarısında ölkənin cənub bölgələrində buludlu hava şəraiti müşahidə oluna bilər. Sahilboyu ərazilərdə isə dəniz təsirinə görə temperaturun 30 dərəcədən aşağı qalacağı ehtimal edilir.
Qeyd olunur ki, ölkənin böyük hissəsində yüksək riskli istilərlə bağlı "turuncu" səviyyəli xəbərdarlıq tətbiq edilib. Yalnız Qərbi Flandriya və Şərqi Flandriya bölgələrində daha aşağı səviyyəli "sarı" xəbərdarlıq qüvvədədir.
Meteoroloqların proqnozuna əsasən, çərşənbə axşamı temperaturun 31, çərşənbə günü isə təxminən 28 dərəcə olacağı gözlənilir. Sahil zonaları istisna olmaqla, ölkə üzrə "sarı" xəbərdarlıq rejiminin davam edəcəyi bildirilir.
Mütəxəssislər isti hava şəraitində vətəndaşlara günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, kifayət qədər maye qəbul etməyi və ağır fiziki işlərdən uzaq durmağı tövsiyə edir.