Bakının Keşlə qəsəbəsində intensiv yağışlar səbəbindən baş verən kollektor daşmasının fəsadları sürətlə aradan qaldırılır. Aprelin 5-i və 6-da yağan güclü yağışlardan sonra zərər çəkmiş infrastrukturun bərpası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.
Xatırladılıb ki, Bakı dairəvi magistral kollektorunda suyun kəskin artması və qəsəbənin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ciddi fəsadlar yaranmışdı.
Bildirilib ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur. Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri də həyata keçirilir. BŞİH-dən vurğulanıb ki, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər göndərilib.