Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarının pozulması, habelə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşları – Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri – barəsində açıq məhkəmə prosesi davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən iclaslarda təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi və müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında təqsirləndirilənlər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir hissəsi, hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını təqdim edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlanıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.