Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak edən Azərbaycan vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edildiyini açıqlayıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda döyüşlərdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri aparılır. Araşdırmalar zamanı bu münaqişədə xeyli sayda Azərbaycan vətəndaşının həlak olduğu, yaralandığı, itkin düşdüyü və ya əsir götürüldüyü müəyyən edilib.
DTX-nin bildirdiyinə görə, 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirilib. Həmin şəxslər 2026-cı ilin yanvarında saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
DTX bir daha vətəndaşlara xatırladıb ki, xarici ölkələrin ərazisində silahlı münaqişələrdə iştirak Azərbaycanda cinayət məsuliyyəti yaradır və bu cür hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər davam etdiriləcək.