Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin iki ayı ərzində aparılan əməliyyatlar nəticəsində ümumilikdə 529 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, məsuliyyətə cəlb olunanlardan 515-i kişi, 14-ü qadın olub. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 798,356 qr müxtəlif növ narkotik vasitələr götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qr narkotik vasitə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlər 32 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kq 240,3 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.