Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yenilənmiş 100 manatlıq əskinaslar tədavülə buraxılır

3 dəq
Paylaş:
Yenilənmiş 100 manatlıq əskinaslar tədavülə buraxılır

15 İyul tarixindən etibarən Mərkəzi Bankı (AMB) yeni dizaynda və ən son mühafizə elementləri ilə təchiz olunmuş 100 pul nişanını tədavülə buraxacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, saxtalaşdırmaya qarşı mübarizəni gücləndirmək və ən son texnologiyaları tətbiq etmək məqsədilə mərkəzi banklar dövri olaraq əskinasları yeniləyir. Bu təcrübəni nəzərə alan AMB, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın yenilənməsi prosesinə başlayıb.

Xatırladaq ki, bu proses çərçivəsində artıq 2021-ci ildən etibarən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

Yenilənmiş 100 manatlıq əskinasın dizaynı və yeni mühafizə elementləri nələrdir?

Proseslərin davamı olaraq, "İqtisadiyyat və İnkişaf" mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son innovasiyalarla təkmilləşdirilib.

Bu pul nişanında tətbiq edilən ən son mühafizə elementlərinə aşağıdakılar daxildir:

  • Üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram;
  • Dinamik işıq effekti saçan və rəngi dəyişən "Spark Flow Prime" elementi (Manat simvolu);
  • İşığa tutduqda görünən Dövlət Gerbi və nominalın rəqəmini əks etdirən su nişanı;
  • Görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər (ön tərəfin sağ və sol kənarlarına toxunmaqla pulun həqiqiliyini və nominalını müəyyən etmək mümkündür);
  • Banknot istehsalında dünyadakı ən müasir trendlərə uyğun şaquli dizayn (əskinasın arxa tərəfi üçün).

Bundan əlavə, əskinasda mühafizə sapı, mürəkkəbsiz çap və mikromətnlər də öz əksini tapıb.

Köhnə 100 manatlıqlar dövriyyədən çıxarılır, yoxsa qüvvədə qalacaq?

Yenilənmiş 100 manatın üzərində AMB-nin sədri Tahir oğlu Kazımovun imzası əks olunub. Bu imza əskinasın ön tərəfində, sol yuxarı küncdə yerləşir.

Hazırda ölkədə istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq. Vətəndaşlar hər iki əskinasdan tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə edə biləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax