Azərbaycanda dövlət ehtiyacları üçün torpağın alınması hallarının siyahısı genişləndirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna təklif edilən mühüm dəyişikliklər müzakirə edilib.
Qəbul edilən qanun layihəsinə əsasən, bundan sonra dəniz və hava limanlarının (aeroportların), eləcə də aerodromların ərazisinin genişləndirilməsi və ya bu tipli yeni obyektlərin inşası məqsədi ilə torpaq sahələri dövlət tərəfindən alınacaq.
Bu yenilik beynəlxalq aviasiya təşkilatlarının tələblərinin icrası və uçuşların təhlükəsizliyinin təkmilləşdirilməsi zərurətindən irəli gəlir. Dəyişiklik, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonalarının yaradılması və yeni uçuş-enmə zolaqlarının tikilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınmasını asanlaşdıracaq.
İndiyədək sadalanan məqsədlərin qanunvericilikdə dəqiq əksini tapmaması, torpaq mülkiyyəti ilə bağlı münasibətlərin tənzimlənməsində və tikinti işlərinin operativ icrasında çətinliklər yaradırdı.
Yeni qanun hava limanlarının tikintisi və genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.