Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas elektrik enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə “Zəngəzur” xəttinin tikintisinə başlanılıb.
“AzərEnerji” ASC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Prezidentin tapşırığına əsasən Cəbrayıldan Ağbənd istiqamətinə doğru 74 kilometr, paralel olaraq Naxçıvandan Ordubad sərhədinədək 105 kilometr uzunluğunda, ikidövrəli və 1000 meqavat ötürmə gücünə malik 330 kilovoltluq yüksək gərginlikli elektrik ötürmə xətləri inşa edilir.
Araz çayı boyunca, eləcə də bir sıra dağlıq və qayalı ərazilərdən keçən xətt son dərəcə mürəkkəb relyef və sərt iqlim şəraitində çəkilir. “AzərEnerji” ASC layihənin icrasını yüksək texniki standartlar əsasında həyata keçirir.
Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizi üzərindən 44 kilometr uzunluğunda əlavə elektrik ötürmə xəttinin inşası nəzərdə tutulur. Bu xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən mövcud xətlərə birləşdiriləcək. Eyni zamanda Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiyanın tikintisi planlaşdırılır. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə başlanılıb.
Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası gündəmdədir. Belə ki, Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə 400 kilovoltluq elektrik ötürmə xəttinin çəkilməsi və Azərbaycan tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfinə aid çevirici yarımstansiyanın tikilməsi planlaşdırılır.
Bu layihə Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerji sisteminə tam inteqrasiyasını təmin etməklə yanaşı, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkələrdən asılılığını aradan qaldıracaq, həmçinin Azərbaycanın Avropa enerji bazarlarına çıxış imkanlarını genişləndirəcək. Layihə strateji əhəmiyyətinə görə Azərbaycan tarixinin ən iri enerji təşəbbüslərindən biri kimi qiymətləndirilir.