Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda 76 abidə dövlət mühafizəsinə götürülür

3 dəq
Paylaş:
Azərbaycanda 76 abidə dövlət mühafizəsinə götürülür

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Nazirliyi yanında mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.

İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə ətraflı məlumat verib.

Bildirib ki, 2001-ci ildə təsdiq olunmuş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında müvafiq düzəlişlərin edilməsi, tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsinə götürülməsi məqsədilə Ekspert Şurası öz fəaliyyətini davam etdirir.

Qeyd edib ki, bu günə qədər Ekspert Şurasında müzakirə edilən 748 abidə və yeni aşkar nümunəyə dair qanunvericiliyə uyğun olaraq Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə 4000-ə qədər abidə və yeni aşkar edilmiş nümunə barədə Ekspertiza aktı hazırlanıb.

Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib.

Bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud siyahıya əlavə və düzəlişlərin edilməsi üçün toplanmış materiallar Ekspert Şurasına təqdim edilib.

İclasda 2 şəhər və 9 rayon üzrə 76 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi müzakirə olunub. Sözügedən məsələ ilə bağlı Şura üzvlərinin rəy və təklifləri dinlənilib, tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax