Cənubi Koreyada nüvə stansiyasında ağır su sızması qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Cənubi Koreyanın Gyeongju şəhərində yerləşən "Wolsong" Nüvə Elektrik Stansiyasının 4-cü reaktorunda texniki nasazlıq nəticəsində ağır su sızması baş verib.
Məlumata görə, dövlətə məxsus "Korea Hydro & Nuclear Power" (KHNP) şirkəti hadisə ilə bağlı yerli vaxtla saat 14:26-da aidiyyəti qurumlara məlumat verib. İlkin qiymətləndirməyə əsasən, təxminən 208 kiloqram ağır su sızıb.
Bildirilir ki, sızma stansiyanın ərazisindən kənara yayılmayıb və ətraf mühitdə radiasiya səviyyəsində hər hansı artım qeydə alınmayıb. Şirkət rəsmiləri nasazlıq aşkar edildikdən dərhal sonra ötən ilin iyul ayından planlı yoxlamalara görə fəaliyyəti dayandırılmış 4-cü reaktorda nasosların söndürüldüyünü açıqlayıblar.
Hazırda insidentin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, ağır su hidrogen əvəzinə döteryum izotopu tərkibli xüsusi mayedir və bəzi nüvə reaktorlarında enerji istehsalı prosesinin təhlükəsiz idarə olunması üçün istifadə edilir.